Yaxın regionumuzda nələr baş verir? Suriya, İraq və Əfqanıstanda tez-tez yaşanan terror hadisələri, Yəməndə gedən vətəndaş müharibəsi və son olaraq İsrailin Qəzzada həyata keçirməkdə olduğu hərbi əməliyyatların məqsədi, məramı nədir? Üzdə olan oyunçular bəlli olduğu halda, bu münaqişələrin ssenari müəllifləri kimlərdir? Suallar çox olduğu kimi, cavabları da çoxyönümlüdür. Gözlər, əsasən, Qərbin hər zaman münaqişələrdə əli olduğunu iddia etdiyi İranın üzərinə çevrildikdə bəzi məsələlərə aydınlıq gəlir.
Livanda “Hizbullah”ı himayə etdiyi, Suriyada Əsəd rejiminə dəstək verdiyi, Yəməndə husi qiyamçılarını silahlandırdığı, Qəzzada “Həmas”ı qarşıdurmaya sövq etdiyi, Ermənistanı dəstəkləməklə Azərbaycana qarşı düşmənçilik sərgilədiyi, gündə bir bəhanə ilə Əfqanıstana güc nümayiş etdirdiyi, İraqda şiə qrupları silahlandıraraq, rəsmi Bağdad üzərində nəzarəti saxladığı, körfəzdə gündə bir gəmini ələ keçirməklə, az qala, dəniz quldurluğunu öz üzərinə götürdüyü bəlli olan İran niyə çox qısa vaxt ərzində İraq və Pakistan ərazilərinə raket zərbəsi endirdi? Xüsusilə də nüvə dövləti olan və hərbi qüdrəti baxımından İranın düşmənçilik etdiyi heç bir qonşusu ilə müqayisə olunmayacaq Pakistanla qarşıdurma İranın nəyinə gərəkdir? Ümumiyyətlə, Tehran niyə Pakistanla yola getmir? Səbəb bəlkə vaxtilə ingilislərin ikiyə bölüb yarısını Pakistana, digər yarısını da İrana peşkəş etdiyi Bəlucistana görə? Bəlkə nüfuz uğrunda mübarizə apardıqları Əfqanıstana görədir? Məzhəb fərqliliyi üzündən İran Pakistana kin bəsləyir, yaxud ABŞ bölgəyə nəzarəti saxlamaq üçün burada bir münaqişə ocağı közərtmək istəyir?
Hər halda, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan məhz raket hücumundan sonra genişmiqyaslı müharibənin qapısında dayanan Pakistanla danışıqlar aparmaq, eləcə də artıq dayandırılmış diplomatik əlaqələrin bərpası üçün İslamabada səfər etdi. Nazirlərin qucaqlaşaraq öpüşüb-görüşməsi İranla Pakistan arasında qarşılıqlı hava zərbələri nəticəsində yaranan gərgin vəziyyəti səngidəcəkmi? Axı bu gərginlik məhz İranın münasibətindən qaynaqlanıb və Pakistan, demək olar ki, Yaxın Şərqdə daha geniş münaqişəyə sürüklənib.
İki ölkə hər zaman güclü siyasi əlaqələr saxlasa da, təxminən, qırx il əvvəl İranda baş vermiş İslam İnqilabından sonra gizli münaqişələr də yaşayıblar. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) və Pakistan Kəşfiyyatı arasında bir çox gizli əməliyyatları əhatə edən bu münaqişələr Əfqanıstandakı hakimiyyət mübarizəsindən, Pakistan ordusunun Bəluc üsyançılarına dəstəyinə və İranın şiə döyüşçüləri cəlb etməsinə qədər uzanır.
Bu yerdə qeyd edək ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə, hətta indi də İran erməniləri çox güclü şəkildə himayə etdiyi halda, Pakistan Azərbaycana siyasi dəstək verib.
Qeyd etdiyimiz kimi, İslam İnqilabından sonra İranla Pakistan arasında münasibətlər kəskin şəkildə dəyişib. Əvvəllər İran şahı Pakistanın, xüsusən də Hindistana qarşı mübarizədə mühüm müttəfiqi idi. Hətta 1971-ci ildə Hindistan–Pakistan müharibəsi zamanı Hindistan Şərqi Pakistana (indiki Banqladeş) hücum edərsə, müdaxilə edəcəyi ilə hədələmişdi.

O dövrdə baş saray xadimi olan Əsədullah Ələm öz xatirələrində şahın Pakistana, o cümlədən Bəlucistana hərbi yardımını bir qədər təfsilatlı şəkildə sənədləşdirib.
Bununla belə, iki ölkə 1989-cu ildə sovet qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda təsir gücünə malik olmaq üçün sıx rəqabət aparıb, hərəsi bir rəqib tərəfləri dəstəkləyib. Talibanın yüksəlişindən əvvəl sünni dini məktəblərinin artan təsiri qarşısında İran Əfqanıstan və Pakistandakı şiə qruplara yardım etməyə başlamışdı. Beləliklə, hər iki tərəf Bəlucistan və Əfqanıstan sərhədləri boyunca dəstəklədikləri müxtəlif qruplarla bağlı gizli müharibəyə start vermişdi.
2001-ci ildə ABŞ və müttəfiqlərinin işğalından sonra, Əfqanıstanda və ətraf bölgələrdə vəziyyət əhəmiyyətli dəyişikliklərin şahidi olub. Kabildəki yeni respublika Hindistan və İrana yaxınlaşdıqca, Pakistanın Əfqanıstandakı təsirini məhdudlaşdırmaq üçün bu iki ölkəyə qoşulub. Bu transformasiya daha geniş regional restrukturizasiyanın bir hissəsi idi.
Bu kontekstdə İran Pakistanın Çin tərəfindən maliyyələşdirilən Qvadar limanının statusunu sarsıtmağa çalışıb. Ona görə də çox güman ki, Pakistanın Çinlə artan strateji münasibətlərinə qarşı tarazlıq yaratmağa yönəlmiş Hindistan sərmayələri ilə öz limanını inkişaf etdirmək şəklini alıb. Liman sektorundakı bu inkişaf regional təsirlər və ittifaqlar arasında mürəkkəb qarşılıqlı əlaqəni əks etdirir.
Pakistan kəşfiyyatı Hindistan casusu Kulbhushan Cadhavı İranda həbs edəndə İslamabadın İranın Hindistanın casusluq fəaliyyətinə, xüsusən də həssas Bəlucistan bölgələrində dözə biləcəyinə dair şübhələri təsdiqləndi. İranla Hindistan arasında tərəfdaşlığın Əfqanıstan və Bəlucistana qədər uzadılması gərginliyin artmasına və münaqişə ehtimalına səbəb olub. İki ölkənin bu bölgələrdə, xüsusilə də Əfqanıstanda iştirakı Pakistan kəşfiyyat idarəsi üçün təsir aləti olan Talibanla münasibətlərini yenidən qiymətləndirməsi üçün Pakistana təzyiqlərə səbəb olub.
İranın Suriyadakı münaqişə üçün müəyyən vəsait qarşılığında minlərlə pakistanlı şiə döyüşçünü cəlb etməsi regional dinamikanı daha da mürəkkəbləşdirib. Suriyada döyüş təcrübəsi qazanan bu döyüşçülər Pakistana qayıtdıqdan sonra potensial qeyri-sabitlik mənbəyinə çevriliblər. İranın o zamankı xarici işlər naziri Cavad Zərif bu şiə döyüşçülərin Əfqanıstan və Pakistanda sabitliyin təmin edilməsində rol oynaya biləcəyini deməsi hər iki ölkədə narazılıq fırtınası yaradıb. Bu bəyanatda İranın yerli vətəndaş müharibələri, etnik və ya məzhəb qarşıdurmaları ilə mübarizə aparmaq üçün “vəkillərindən” istifadə edərək hegemonluq qurmaq istəyi özünü göstərirdi.
Pakistan hərbçiləri 2016-cı ildə Taliban lideri Molla Mənsurun İran sərhədi yaxınlığında öldürülməsinə şübhə ilə yanaşırdılar - Mənsur İran sərhədini Pakistana keçdiyi üçün pilotsuz təyyarənin zərbəsi nəticəsində öldürüldü. Pakistan iddia edib ki, İran və ABŞ Pakistanı günah keçisi etmək üçün əlbir olub, İran isə Talibanı dəstəkləyib.
Bütün hallarda güclü siyasi və mədəni əlaqələri nəzərə alsaq, İranla Pakistan arasında birbaşa müharibə mümkün görünmür.
İran İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin mərhum komandanı general Qasım Süleymani vaxtilə tez-tez Pakistana sərt xəbərdarlıqlar edir, o cümlədən sərhədyanı hücumlara cavab olaraq lazım gələrsə hərbi addım atacağı ilə hədələyirdi. O, açıq şəkildə Pakistana "heç vaxt unuda bilməyəcəyi dərs" verəcəyini vəd etmişdi. Pakistan ordusu da İrana bir neçə dəfə cavab verib, hərbi müdaxiləsi və ya müxalifətə dəstəyi davam edərsə, güc tətbiq etməklə hədələyib.
Pakistan öz əsgərlərinə qarşı hücumlarda İranın əli olduğunu iddia etdikdən sonra iki tərəf arasında ittihamlar artıb. Hətta İran dəstəklədiyi Ermənistana qarşı Pakistanın Azərbaycanı müdafiə etməsindən narahatlığını da ifadə edib.
Bundan əlavə, Pakistan ordusu vaxtilə Livanın mərhum rəhbəri Rafik Həriri və oğlu Saad Həriri ilə əlaqə saxlayıb. Bu, Pakistan kəşfiyyatının İranın Livandakı təsirinə qarşı, bu ölkədəki sünni qrupu dəstəklədiyinə dair fərziyyələrə səbəb olub.
Nəticədə, bu gərginliklərə və gizli münaqişələr tarixinə baxmayaraq, İranla Pakistan arasında birbaşa müharibənin baş verməsi, onların arasında güclü siyasi və mədəni əlaqələri nəzərə alsaq, çətin görünür. Gizli əməliyyatlarla səciyyələnən və nadir hallarda raket zərbələri kimi açıq münaqişəyə çevrilən “kölgə müharibəsi”, çox güman ki, davam edəcək. Bu münaqişə, xüsusən də İran Levant bölgəsində artan təzyiqlərlə üzləşdiyindən daha da arta, Pakistanla gərginliyi daha da pisləşdirə bilər.